Artıq dünyanın ən çox inkişaf etmiş ölkələri də təhlükə altındadır. Bunun əsas nümunəsi Fransada İkinci Dünya Müharibəsindən bu yana əsgərlərin ilk dəfə şəhərə girməsidir.   Parisdə ehtimal olunan terror hücumuna qarşı Eyfel qülləsinin ətrafına 1080 əsgərin yerləşdirilməsi terror təhlükəsinin ölçüsünü göstərir. Lakin bu tədbirlər kifayət etmədi və Fransa şəhərin mərkəzində ard-arda terror hücumları ilə qarşılaşdı.

Avropada son dövrlərdə faşist cərəyanlar baş qaldırdı, miqrantlara və müsəlmanlara qarşı hücumların sayı artdı. Ruslar və çeçenlər arasındakı gərginlik bitmək bilmir. Afrika və Orta Şərqdə uzun illərdir ki, qarşıdurmalar davam edir. Digər tərəfdən, dağlardakı terror əməllərinə guya son qoyan PKK terror təşkilatı Türkiyənin şəhərlərində qətllər törətməkdədir. 

Terrorun məhv edilməsi üçün illərlə müxtəlif nəzəriyyələr irəli sürüldü və fərqli üsullardan istifadə edildi. Lakin bunların heç biri nəticə vermədi, əksinə, terror hadisələri daha da artdı. Bunun ən dəqiq nümunəsi Üsamə Bin Ladendir. Bu ölüm Əl-Qaidənin sonunu gətirdimi? Xeyr...

Terror təşkilatları cəmiyyətə hakim olmaq üçün günahsız xalqı qorxudaraq özünə zorla tabe etməyə çalışır. Bunun üçün ən mərhəmətsiz və qanlı olaylardan istifadə edir. Bunu edərkən öz tərəfdaşlarına ruh yüksəkliyi verib onların güclü olduğunu və müvəffəqiyyətin yaxın olduğunu deyirlər. Bu gün Türkiyədəki PKK terror təşkilatının törətdiyi əməllərdə də bunu açıq-aydın görürük.

 Terror təşkilatları planlarını öncədən və dəqiqliklə qururlar. ABŞ-dakı 11 sentyabr və Rusiyadakı teatr hadisəsi, İngiltərədəki metro olayı, İspaniyada qatara hücum, Fransadakı hadisələr və PKK-nın Türkiyədəki bütün əməlləri incə planlar əsasında ortaya çıxmışdır. Sonuncu Paris olayındakı soyuqqanlı və professional terrorçular da bunu açıq şəkildə göstərdi.  

Demək olar ki, bütün terror təşkilatları reklam məqsədilə mediadan aktiv şəkildə istifadə edirlər. Beləliklə, həmin qruplaşmalar törətdiyi təxribatları media vasitəsilə geniş şəkildə yaymağa çalışırlar. Onlara görə, müvəffəqiyyət əldə etmək  törətdikləri əməllərin mediada yayılmasına bağlıdır. Məsələn, bu olaylar davamlı televiziya ekranlarında göstərilib sosial mediada geniş yayıldıqda yüz dəfələrlə təkrarlanmış kimi təsir meydana gətirir. Bu səbəbdən dolayı, terrorla mübarizədə önəmli vasitələrdən biri mediadır. Media olaylara dair verdiyi xəbərlərdə terror təşkilatlarına istəmədən də olsa dəstək verməməlidir. Medianın terror hadisələrindən hansı şəkildə bəhs etməsi önəmli müzakirə mövzusudur. Necə ki, dünyanın ən qabaqcıl  və çağdaş ölkələrinin belə terrora son verə bilməməyinin amillərindən biri medianın faydasız yayımlarla terroru sanki bəsləməsidir. Bu yayımlar sayəsində terror dəhşəti cəmiyyətlərə sürətlə yayılır.

Şübhəsiz ki, media xəbər özəlliyi daşıyan bir mövzuda hadisəyə obyektiv yanaşmalıdır. Lakin terror mövzusunda çox həssas davranmalıdırlar. Çünki insan həyatı hər cür dəyərdən üstün tutulmalıdır və istəməyərək də olsa terror təbliğatına izin verilməməlidir.  Media terrorla bağlı xəbərlərə reytinq və rəqabət anlayışı ilə yaxınlaşmamalıdır. Məsələn, 11 sentyabr hadisəsindən sonra Amerika mediası, metro olayından sonra isə İngiltərə mediası bu xəbərlərdən bəhs edərkən çox ehtiyatlı davrandılar və strateji hərəkət etdilər.  Son Ferquson hadisələrində də ABŞ olayın şiddətini cəmiyyətə çox yaymadı. Fəqət Parisdə baş verənlərin bütün incəlikləri dünyaya günlərlə xəbər verildi.  Terror xəbərləri verilərkən yayımlanan görüntülərdə çəkilişin yaxından olmamasına və əhalidə təşviş və qorxu yaradan ünsürlərə yer verilməməsinə diqqət edilməlidir. Əlaqəli şəxslərlə televiziya verilişi zamanı onlar siyasətçi də olsa terror təbliğinə yol açan açıqlamalara izin verilməməlidir.  Terror təşkilatının çox güclü və təsirli olduğu imici yaradılmamalıdır.

Terrorla mübarizədə media ən önəmli vasitələrdəndir. Dövlətlər üçün media kanalı ilə təmas qurulan xalqı maarifləndirmək çox önəmlidir. Medianın xalq üzərindəki təsir gücü insanları terrorizmə qarşı məlumatlandırmağa yönləndirilməlidir. Terror təşkilatları hakim olmağa çalışdığı yerlərdə xalqa öz ideologiyalarını müntəzəm təlqin etdiyi kimi, dövlətlər də media vasitəsilə əhaliyə davamlı bilgi verməli və buna uyğun proqramların hazırlanmasını təmin etməlidirlər. Məsələn, terror qruplaşmalarının şiddət yönlü çıxışlarının elmi yolla tənqidinin müntəzəm yayımlanması bu yollardan biridir.   

Unutmaq olmaz ki, terror yalnız silah və siyasətlə ortadan qalxmaz. Terroru sona çatdıran əsas amil onun ideoloji əsasına yönələn fikri mübarizədir.