Saytın əvvəlindən bəri təsvir etdiyimiz xürafə hədislərdən qaynaqlanan radikalizmin ən qorxunc terror əməllərindən biri Parisin mərkəzində “Charlie Hebdo” jurnalının 12 əməkdaşının öldürülməsi idi.  Bu hücumun ardınca sinaqoq, məscid və dini vəqflər də təhlükə altına düşdülər.  Danimarkada həmin jurnalın əməkdaşlarının anım mərasiminə təşkil edilən hücum problemin ciddiliyini bir daha aktuallığa çevirdi.

Hazırda dünyada nifrət yayılıb. Bundan da ən çox adi insanlar zərər çəkir. Hər düşüncədəki radikallar Avropanı başda müsəlmanlar olmaqla, musəvilər və digər azlıqlar üçün yaşanmaz hala çevirir. Bu vəziyyət öz vətəndaşlarına da təsir edir. Terror, anarxiya və şiddət bu əsrin ən böyük bəlasına dönüb. Xüsusilə İslam coğrafiyası bu bəla üzündən çox acılar çəkir. Lakin bunu təkrar qeyd etmək lazımdır ki, terrorun dini yoxdur. Terror və şiddət insanı kor təsadüflərin məhsulu zənn edən təhsil sisteminin qaçılmaz nəticəsidir. Bu sistem insanları vəhşi mühitdə həyatda qalmaq üçün mübarizə aparan heyvan kimi görür və insanlara mərhəmətsizliyi, eqoistliyi öyrədir. Bu sistemdə yardımlaşmanın, şəfqət və sevginin dəyəri yoxdur. Bir insanın nə qədər mərhəmətsiz olarsa, o qədər güc qazanacağı düşünülür. Bu təhsili alan  insan mənəvi yöndən güclü olub vicdanına tabe olmazsa, terroru özünü göstərmə və haqq əldə etmə vasitəsi olaraq görən hər cür ideologiyaya açıq hala gəlir. Qısa olaraq, belə bir təhsilə yiyələnmiş insanı bəziləri kommunist ideologiyanın və bəziləri də xurafatçı ideologiyanın təlqinləri ilə terrora yönləndirə bilər.  Buna görə də dünyanın terrora qarşı almalı olduğu ilk tədbir bu yanlış təhsil sistemini düzəltmək olmalıdır.

“Charlie Hebdo”nun və bənzəri informasiya vasitələrinin müsəlmanları incitdiyi doğrudur. Jurnal təkcə müsəlmanları deyil, həmçinin xristian, musəvi və buddistləri də incidən məqalələr yayımlamışdır. Belə ki, bir müsəlman hüquq çərçivəsində məhkəməyə baş vurub öz haqqını tələb edə bilər. Daha da yaxşısı, həmin şəxslərə dostca yanaşmaqla etdiklərinin xoş olmadığını söyləyib sevgi və mərhəməti təşviq edə bilər. Həmçinin bu yanlış məntiqin düzəldilməsinin gərəkdiyini yazaraq və ya danışaraq dünyaya çatdıra bilər. Lakin Qurana tabe olan müsəlman İslama inanmadığı üçün başqa birini əsla öldürməz.

Digər tərəfdən, dünyanın bir çox yerində İslam adından cinayətlər işlənir və son dərəcə vəhşi əməllər törədilir. Üstəlik, bu mənfur əməllərdən ən çox elə müsəlmanlar əziyyət çəkir. Dünyanın hər tərəfində, demək olar ki, hər gün baş verən terror hücumlarında yüzlərlə müsəlman həyatını itirir. Unutmaq olmaz ki, bu insanların əməlləri Qurana uyğun deyil, bunlar xurafatlardır. Peyğəmbərimizin vəfatından sonra ortaya çıxan xurafat Peyğəmbərimizin və Allahın adından dində olmayan  hökmlər uydurub ayrı din meydana gətirmişdir.  Uydurma hədislər əsasında ortaya çıxarılan bu sistemdə sevgi, mərhəmət, dostluq, qadına dəyər vermək, elm və sənət, qısası, insanlara aydınlıq və sevinc gətirən heç bir şey yoxdur. Təzyiq, mərhəmətsizlik və şiddət vardır. Xurafat insanı ölmədən məzara qoyur və İslam adından bütün gözəllikləri əlindən alır.

 Müsəlmanların İslamın sülh dini olduğu barədəki sözləri Qurana əsaslanmalıdır. Xürafələrdən, uydurma hədis və rəvayətlərdən ibarət dini müdafiə edən şəxsin sülh və sevgidən bəhs etməsi mümkün deyil. Bu həqiqət yalnız müsəlmanlara deyil, terrorla mübarizə aparmaq istəyə Qərbə də əhəmiyyətli yol göstərir: terroru yox etmək bu şiddətin bünövrəsini fikrən ortadan qaldırmaqla mümkündür. Xurafat mövcud olduğu müddət ərzində İslam coğrafiyasını bombalamaq, bölgəyə əsgər göndərmək, terror təşkilatlarının liderlərini öldürmək, bir sözlə, şiddətə şiddətlə cavab vermək terroru sona çatdırmaz. Tam əksinə, qızışdırıb daha böyük canavara döndərər. Kin və nifrəti qızışdıran hər cür addımdan çəkinmək və silahların deyil, fikirlərin danışdığı  mühit qurmaq lazımdır.

Buna təkrar nəzər yetirək: terrorun heç bir forması heç bir şəkildə qəbul edilə bilməz. Xüsusilə bir insanı öldürməyi bütün insanları öldürməklə eyni tutan İslam dinini terrorla əlaqələndirmək əsrimizin ən qorxunc tragediyalarından biridir.

Fəqət terror küçələrdə etiraz aksiyaları, dövlət başçılarının qınanması və yalnız “İslam sülh dinidir” şüarları ilə bitməz. İslamın sülh dini olduğunu bizə bildirən Qurandır. Bu həqiqət israrla və bütün dəlil və açıqlamaları ilə dünyaya elan edilməli, həmçinin İslam dünyası xürafələrdən təmizlənməlidir. Bu mövzuda, əlbəttə ki, Qərbin dəstəyi önəmlidir, lakin bunu əsas müsəlmanlar etməlidir.