“Müşrik” kəlməsi həmin dövrdən bəhs edən müxtəlif təfsirlərdə yalnız “şərik qoşan” kimi ifadə olunsa da, termin olaraq açıq şəkildə Allaha şərik qoşan, çoxlu tanrı qəbul edən və həmçinin müsəlman, musəvi, sabii, xristian və ya məcusi olmayan bütpərəst mənasına gəlir.

Quranda İslamın zühuru əsnasında Ərəbistandakı mövcud dinlərdən bəhs olunarkən müşriklər daima ayrı qrup halında göstərilmişdir. Peyğəmbərimizin dövrü diqqətə alınarsa,  kitab əhli olan musəvi və xristianlarla evlənmək və kəsdiklərini yemək halal edildiyi halda, məcusi və sabiilərin, həmçinin bütpərəstlərin qadınları ilə evlənmək və kəsdiklərini yemək qadağan edilmişdir.

Peyğəmbərimiz Mədinəyə köçdükdən sonra müşriklərlə və o bölgədə yaşayan digər insanlarla bir çox müqavilə bağlamış və müşriklərin azğın hərəkətlərinə baxmayaraq, sülhü təmin etmək üçün onları daima birliyə dəvət etmişdir. Bu vəziyyət fərqli din və dilə malik insanların bir arada hüzur içində yaşaya biləcəyini sübut etmişdir. Onun sülh və sevgi dəvətçisi olduğunun əsas dəlillərindən biri özünə aid ilk yazının sülh müqaviləsi olmasıdır. Hz. Muhəmməd Məkkəni fəth etdikdən sonra əvvəllər müsəlmanlara işgəncə verən müşrikləri də sərbəst buraxıb onlara mərhəmət göstərmişdir. Peyğəmbərimizin göstərdiyi bu üstün əxlaq daha əvvəllər ərəb cəmiyyətlərində bənzərinə rast gəlinməyən vəziyyət idi və insanlar bunu təqdirlə qarşılayırdı.

O dövrdə fəth edilən əcnəbi ölkələrdə də gerçək ədalətin tətbiq olunması mövzusunda hz. Muhəmməd bütün müsəlmanlara nümunə olmuşdur. Peyğəmbərimiz (səv) ələ keçirilən ölkələrin yerli xalqlarına qarşı Quranda bildirilən ədaləti tətbiq etmiş, onlarla hər iki tərəfin razı qaldığı anlaşma imzalamışdır.   Hz. Muhəmməd və səhabələri “Yaratdıqlarımız içərisində elə bir ümmət də vardır ki, haqq ilə doğru yola aparır və bunun sayəsində ədalətlə hökm edirlər” (Əraf surəsi, 181) ayəsində bildirildiyi kimi, insanlar arasında ədaləti təmin edən camaat olmuşdur.

Ərəbistan yarımadasının cənub hissəsindəki xristian nəcran xalqı ilə bağlanan müqavilə də Peyğəmbərimizin anlayış və ədalətinin ən gözəl nümunələrindəndir. Müqavilə maddələrindən biri aşağıdakı kimidir:

“Nəcranlıların canı, malı, dini, var-yoxları, ailələri, kilsələri və sahib olduqları hər şey Allahın və Peyğəmbərinin himayəsi altına alınacaq”. (Türkcə mənbə: M.Xoduri, İslamda savaş və sülh, səh. 209-210)

O bölgədəki bütün topluluqlarla anlaşma əldə olunmasından sonra Peyğəmbərimiz İslam tarixindəki ilk qanun olan Mədinə vəsiqəsini hazırlayıb dövlət qurmuşdur. Mədinə vəsiqəsi  tarixdəki demokratik qanunun ilk və ən mükəmməl nümunəsidir.