Qərb ölkələrində terroru araşdıran mütəxəssislər,  kəşfiyyatçılar, yazıçı və analitiklər müntəzəm olaraq bu suala cavab axtarırlar: insanlar radikal terror təşkilatlarına niyə qoşulurlar?

 Çoxlu sayda nəzəriyyə irəli sürür, “şəhərin kasıb uşaqları”, “cahil kütlənin mənsubları”, “boşluq içində macəra axtaranlar” kimi ifadələr işlədirlər. Bəziləri bu qətliamları “utopik siyasətin cazibəsi” kimi qələmə verərkən, bəziləri də bu insanların “bizim də hekayəmiz olsun” məqsədilə yola çıxdığını iddia edirlər.    Zamanla qrupda çoxlu sayda karyera sahibi, akademik, həkim və mühəndislərin olduğunun, bir çoxunun isə əsilli-köklü ailələrdən gəldiyinin öyrənilməsi isə bu nəzəriyyələri alt-üst etdi. Bəziləri isə bu təşkilatlara qoşulanlara ruhi xəstə adını verdi. Bunun cavabını isə “Massachusetts Lowell’s” Mərkəzinin terrorizm və güvənlik işləri bölməsindən psixiatriya professoru Con Horqan (John Horgan) verir:

“Onların dəli olduğunu düşünməyə olduqca meyilli idik. Terrorçuların etdiklərini əsas alıb mövzunun patoloji yöndən açıqlana biləcəyini zənn edirdik. Lakin terrorizmi ruhi xəstəlik olaraq açıqlamaq yanlışlıqdır”.

Dr. Horqan  və başqaları hər cür ehtimala  son vermək məcburiyyətində qaldılar. Çünki yoxsulluq, əqli xəstəlik və buna bənzər şeylər hər ölkədən insanların bu qədər çətinliyi keçib terror təşkilatlarına qoşulmasını açıqlaya bilməz. Heç kim bir hekayə olsun deyə ailəsini,  varını və yoxunu buraxıb özünü hər cür vəhşiliyin yaşandığı savaşın içinə atmaz. Ölümü bu qədər sürətli və şərtsiz şəkildə qəbul etməz. Radikal təşkilatlara Avropa ölkələrindən Qazaxıstana, Avstraliyadan Somali, Rusiya və Tunisə qədər bütün dünyadan qatılırlar. Bunun sayı sürətlə artır və Fransa, Almaniya kimi Avropa ölkələri isə bu statistikada öndə gedir. İndi isə bu statistika qarşısında cavabı axtarılan “insanlar bu təşkilatlara niyə qoşulurlar?” sualına cavab verək.

 Gerçək İslamdan uzaqlaşıb belə bir xürafə dininin mənimsənilməsi müsəlmanların bir qismini azadlıqdan, elm və sənətdən, ən əhəmiyyətlisi isə özündə bu ünsürləri ehtiva edən Quranın əslindən uzaqlaşdırdığı kimi, onları həm də radikallaşdırdı. Radikalizmin ideoloji əsası nəzarətsiz (bəzən də dərin güclərin nəzarəti altında) yayıldıqca Qərb də daxil olmaqla, geniş bir coğrafiyanı təhdid etməyə başladı.

İnkişaf edən radikalizm islamofobiyaya səbəb olarkən bunun tərəfdarları istəməyərəkdən radikalizmi gücləndirdiklərini bilmirdilər. Çarəni İslam və müsəlmanları yox etməkdə axtaranların, müsəlmanları öz ölkəsində istəməyənlərin və dünyada müsəlmanlara qarşı edilən zülmlərə tamaşa edənlərin sayı artdıqca nifrət daha da böyüdü.  Koalisiya qüvvələrinin Əfqanıstan və İraqa müdaxilələrinin geridə buraxdığı dəhşətli görüntülər isə bardağı daşıran son damla oldu.

Qərbli koalisiya qüvvələrinin məqsədi, bəlkə də bu torpaqlarda öz demokratiyalarını qurmaq idi. Lakin metod o qədər yanlış idi ki, bu, təkcə Orta Şərqə deyil, Qərbin özünə də zərər verdi. Avropadan radikal qruplara qatılanların niyə bu qədər çox olduğunu və niyə ABŞ ordusunun ən böyük probleminin intiharlar olduğunu anlamaq istəyənlər aparılan siyasətlərdəki yanlışlığı bir az araşdırsın.

Bəs həll yolu nədir?

Radikal təşkilatlar dünyada milyonlarla insanın doğru zənn etdiyi  xürafə dinini tətbiq edir. Bu xurafatın davamçıları onlara qarşı çıxa bilmir, çünki təməldə onların yanlış yolda olduğunu düşünmürlər. Odur ki, bu köklü problemin həll edilməsi ancaq İslam aləminin xürafələrə əsaslanan qaynaqları tamamilə kənara qoyub Qurana yönəlməsi ilə mümkündür ki, bunu da hz. Mehdi edəcək.

Radikal qruplar bu təsiri ən çox internet yolu ilə təmin edir. Sosial mediadan istifadə etməklə beş qitənin hamısından tərəfdar toplayırlar. Bəlkə də bir neçə sətirlə insanları inandırırlar.

 Bunu Con Horqan belə bildirir:

“Sosial mediada o qədər professional oldular ki, müqabilindəkilərlə tək-tək təmas qururlar”.

Təlim bu qədər asan olduğu halda, qərbli koalisiya qüvvələrinin hələ də Körfəz bazalarına silah daşıması çox təəccüblüdür. Edilməsi gərəkən isə eyni metodlar daxilində internet kimi güclü əlaqə vasitəsindən təsirli şəkildə istifadə edib xürafə dininin yanlışlığını Qurandan dəlillərlə göstərməkdir. Həmçinin  İslamın vəhşiliyi rədd etdiyini, sülh və sevgi tərəfdarı olduğunu İslamın haqq kitabı ilə sübut etmək lazımdır.  Əgər Qərb bunu edərsə, əldəki imkanların radikal qrupların imkanlarından daha çox olduğunu, əlbəttə, xatırlatmağa gərək yoxdur.  Əsasən, Qərbin inhisarında olan bütün beynəlxalq yayımların  təlim işləri apardığını düşünün. Dünyaya həqiqəti çatdırmaq an məsələsi olar.

Avropa hazırda ölkələrinə qayıtma potensialı olan təşkilat mənsublarından dolayı böyük qorxu içindədir.  O bölgələrdə savaşıb geri dönən insanların mütləq öz ölkələrində terror əməllərinə davam edəcəklərinə inanır və bu səbəbdən, güclü güvənlik tədbirləri görürlər.  Həmin insanları doğru İslama yönəltdiyində problemin kökündən həll olunacağını isə heç düşünmürlər.

Bir insan heç tanımadığı  ölkəyə ölmək və ya öldürmək məqsədilə gedirsə, bunun səbəbi yalnız onun inancıdır. Bu inanc yanlış olduğuna görə qarşımızda açıq və qəti nəticə verəcək həll yolu vardır: bu insanlara doğru inancı doğru qaynaqdan, yəni Qurandan öyrətmək. Lakin xüsusilə Qərb ölkələri təlimdən qaçmağa davam etdiyi müddət boyu dünyanı bürüyən fəlakət onları daha çox təhdid edəcək. Bombalamaq, raket atmaq problemin çarəsi deyil, yalnız nifrəti artıran vasitələrdir.