Dünyada, əlbəttə, ziddiyyətlər mövcuddur. Təbiətdə necə ki, qaranlıq və aydınlıq, gecə ilə gündüz, soyuq və isti varsa, bu qayda ilə insanların fikir və hərəkətlərində də belə ziddiyyətlər var. Ancaq fikri ziddiyyətlər qarşıdurmaya əsas vermir. Əksinə, ziddiyyətlər sülh, sevgi, şəfqət və mərhəmətlə dəyərləndirilsə, ortaya müxtəlif gözəlliklər çıxar. Hər fikri bir digəri ilə müqayisə edən insan öz fikrini daha da inkişaf etdirir və ya nöqsanlarını görərək fikrini tamamlayır. Əks fikirləri müdafiə edən insanların danışıqlarında  dinc  şəkildə fikir mübadiləsi olur. Bunu ancaq Quran əxlaqını mənimsəmiş səmimi, mərhəmətli və sülhsevər insanlar həyata keçirə bilərlər.

Bir insanı onun fərqli  fikir tərəfdarı olduğu, fərqli dinə inandığı və ya fərqli irqə malik olduğu üçün öldürmək, ona əzab vermək isə çox böyük zalımlıqdır. Sadəcə olaraq buna görə tarix boyunca eyni vətənin övladları bir-biri ilə ölüm-dirim savaşına qalxmış, bir-birini heç nədən çəkinmədən qətlə yetirmiş, fərqli irqlərdən və ya dövlətlərdən olan insanları qadın, uşaq bilmədən öldürmüşlər. Bunu isə ancaq qarşısındakı insanı yalnız inkişaf etmiş bir heyvan sayan, ona  insan olaraq qiymət verməyən və əməllərinə görə Allaha hesab verəcəyinə inanmayan insanlar edə bilərlər.

Müxtəlif fikirliliyə qarşı münasibətdə davranışın ən gözəli və doğrusu Quranda bildirilmişdir. Fikir ziddiyyətləri tarix boyu mövcud olmuşdur. Bunların ən məşhurlarından biri hz. Musa ilə onun dövründə yaşayan Firondur. Fironun bütün zalımlığına və təcavüzkarlığına baxmayaraq, Allah hz. Musaya onu Allahın dininə çağırmaqla vəzifə vermiş və istifadə edəcəyi metodu belə açıqlamışdır:

Fironun yanına yollanın. O, həqiqətən, həddini aşmışdır. Onunla yumşaq danışın. Bəlkə öyüd-nəsihət qəbul etsin, yaxud  qorxsun! (Taha, 43-44)

Hz. Musa Allahın əmrini yerinə yetirərək Firona uzun müddət haqq dini başa salmış, onun inkarına və insanlara zülm etməsinə mane olmaq üçün səbirlə bütün məsələləri açıqlamışdı. Firon isə onun gözəl əxlaqının və səbrinin müqabilində davakarlıq və təcavüzkarlıq sərgiləmiş və hz. Musanı və onun fikrinə qoşulanları qətlə yetirəcəyini demişdi. Ancaq bu hərəkətin nəticəsində qalib çıxan tərəf Firon olmadı. Əksinə, Firon və tərəfdarları boğularaq məhv oldular. Hz. Musa və onun yanında olanlar isə qalib gəldilər.

Bu nümunədən də göründüyü kimi, bir fikrin qalib gəlib inkişaf etməsi qarşıdurma, savaş və təcavüzlə əldə edilə bilməz. Hz. Musa ilə Firon arasındakı hadisələr tarixin qısaldılmış forması deməkdir; qarşıdurma və zülm tərəfdarlarının deyil, sülh və ədalət tərəfdarlarının qalib gələcəyini göstərən nümunədir. Gözəl əxlaq öz əvəzini həm dünyada, həm də axirətdə hər zaman tapar.